İslanıb ayağı yenə şəhərin,
Göylərin səhəngi yerə dağılıb.
Gecəni narahat keçirib Allah,
Səmada bir qara bulud boğulub…
Küçələr çırmanıb topuğa kimi,
Yolların qolu yox çamur götürə…
Ele isladıb ki məni bu həyat,
Ehtiyac qalmayıb daha çətirə.
Gecəsi mənimlə nəmlənən şəhər,
Günəşi çiyninə atacaq səhər.
Gəmisi tufanda batan ümidəm,
Gözümü limantək sevir dənizlər.
Zülməti qoynuna alan otağım,
Birtəhər yuxuya verər kədəri…
Mənim pəncərəmdə şimşəktək çaxar,
Sənin pəncərəndə yağar gözlərim…
Aysel Xanlarqızı
BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN