AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

SƏBİNƏ BAYRAMOVA : PSİXOLOQ NƏ SORUŞAR ?


Həyatınızda ilk dəfə psixoloji dəstək almağa qərar vermisiniz amma özünüzə dair müsbət bir addım atdığınızı bilsəniz belə hələ də özünüzü narahat hiss edirsiniz? Bəlkə də ilk dəfə ürəyinizi birinə açacaqsınız və nə ilə qarşılaşacağınızı bilmirsiniz ya da psixoloqun sizə kömək edə biləcəyinə əmin deyilsiniz.
Bilinməyən vəziyyətlər qarşısında narahat olmaq insanın təbiətində var. Ona görə də ilk görüşdən əvvəl özünüzü gərgin hiss etməyiniz çox normaldır. Yaşanılan problemin psixoloji dəstək tələb edən bir vəziyyət olub-olmadığına qərar verə bilməmək də olduqca geniş yayılmaqda və təəssüf ki, psixoloji dəstək almağı gecikdirə bilməkdədir. Dəstək axtarma səbəbiniz nə olursa olsun, psixoterapiyanın əsas məqsədi, sizin həyat şərtlərinizi dəyişdirmək deyil, həyat şərtlərinizə baxış bucağınızı dəyişdirmək və sizi mövcud daxili motivasiyalarınızla tanış etməkdir. Bu səbəbdən, ilk görüşdə nə edildiyi barədə ümumi məlumat əldə etmək bir çox pasiyent üçün rahatlaşdırıcı təsirə malikdir.
Bəzən terapiyaya başladığımız zaman psixoterapevtin bizi “düzəltməyini”, “bizim yerimizə qərar verməyini”, “nə edəcəyimizi bizə deməyini” gözləyərik. Ancaq psixoterapiya əslində terapistinizin sizi düzəltməyi ilə əlaqəli deyil, özünüzə kömək etməyinizə yardımçı olacaq bacarıqları öyrənmək üçün birlikdə ittifaq qurmaqla əlaqəlidir.
Terapiyaya başlamaq üçün probleminizin nə olduğunu bilməyiniz şərt deyil. Bəzən özünüzü bezmiş ya da həyatınızda nəyinsə tərs getdiyini hiss edər və mənfi emosiyalarınızın haradan qaynaqlandığını izah edə bilməzsiniz. Belə anlarda psixoloqunuz sizin özünüzü dərk etmək və problemlərinizi həll etmək üçün sizə rəhbər rolunu üstlənəcək.
İlk görüşdə nələr edilir?
İlk görüşdə cari problemlər dəyərləndirilir və pasiyenti narahat edən duyğu, düşüncə və hadisələr haqqında məlumat əldə edilir. Bunun üçün bəzi sorğu aketlərini doldurmağınız gözlənilə bilər. Bu prosesdə necə bir yol xəritəsi izlənəcəyi və müalicədə hansı üsullardan istifadə ediləcəyi kimi məsələlər ilk seansın əsas məğzidir.
İlk seans psixoloqunuzla bir-birinizi tanımağa başladığınız seansdır. İkitərəfli münasibətinizin təməlinin qoyulduğu və güvən duyğusunun formalaşmağa başladığı bu seansda, ilk növbədə özünüzü izah etməkdə çətinlik çəkdiyinizi düşünürsünüzsə, psixoloqunuzu tanımaq üçün ona akademik keçmişi haqqında, psixoterapevt olmaq üçün hansı mərhələlərdən keçdiyi haqqında, hansı terapiya üsulları ilə işlədiyi haqqında, istifadə etdiyi terapiya üsullarının təlimlərini haradan aldığı haqqında suallar verə bilərsiniz. İlk görüşdən psixoloqunuz sizi tanımağa çalışarkən, siz də hiss etdiklərinizi dərk etməyə çalışa bilərsiniz. Bilməlisiniz ki, seans otağı əslində gündəlik həyatın kiçik bir aynasıdır.
Psixoloq hansı sualları verər?
Psixoloqunuz öncəliklə terapiyaya niyə müraciət etdiyinizi bilmək istəyər. Probleminizi və sizin təbiətinizi anlamaq istəyər. Çətin bir ayrılıqdan ailə münaqişələrinə, nəzarət edə bilmədiyiniz aqressiya, stress və təşvişdən cinsi istismara və ya yeni bir karyeraya başlamağa qədər, həyatınıza təsir edən və dəyişdirmək istədiyiniz şeylər ola bilər. Mövcud vəziyyətdə həyatınızı çətinləşdirən duyğu və davranışları düzgün müəyyən etmək, psixoloqunuzun sizə daha yaxşı bir şəkildə dəstək olmasına imkan verəcəkdir.
Psixoterapiyada məqsəd, sizi olmaq istədiyiniz insanla uyğun vəziyyətə gətirmək, çətin emosiya və situasiyalarla başa çıxa biləcək bacarıq və vərdişlər qazandırmaqdır. Əldə edilə bilən və konkret hədəflərin müəyyən edilməsi terapiyada mühüm yer tutur.
Pasiyentin gizliliyi qorunur?
Psixoloqunuzla hər zaman terapiya ilə bağlı narahatlıqlarınızı bölüşə bilərsiniz. Müalicə prosesi zamanı aldığınız bütün seanslar, gizlilik prinsipinə və psixoterapiyanın etik qaydalarına uyğun olaraq sizinlə psixoloqunuz arasında məxfi saxlanılır. Yalnız intihara və ya özünüzə zərər verməyə cəhd etsəniz, psixoloqunuz məxfilik müqaviləsini pozmaq hüququna malikdir.
Psixoloq mühakimə edir?
Qarşınızdakı şəxs obyektivdir və heç vaxt tərəf tutmaz. Psixoloqunuz sizə eşitmək istədiklərinizi deməyəcək, əksinə eşitmək istəmədiyiniz həqiqətləri sizə xatırladacaqdır. İnanclarınızı, dəyərlərinizi, düşüncələrinizi və duyğularınızı mühakimə etmədən, sizi heç bir qəlibə salmadan empatiya quraraq dinləyəcəkdir. Terapiya prosesi ilə bağlı suallar verməkdən çəkinməyin. Danışmaq istəmədiyiniz bir şeyi danışmaq məcburiyyətində deyilsiniz. Psixoloqunuz, siz hazır olduğunuz zaman, sizi dinləmək üçün oradadır.
Psixoterapiya fərdlə psixoterapevt arasındakı münasibətə əsaslanan ortaq müalicə metodudur. Siz və psixoterapevtiniz, sizi yaxşı hiss etməkdən geri salan düşüncə və davranış qəliblərinizi müəyyən etmək və dəyişdirmək üçün birlikdə işləyəcəksiniz.

Müəllif : Uzman Psixoloq, Psixoterapevt Səbinə Bayramova

Üzbəüz və ya Online Terapiya seansına yazılmaq üçün: +99477 801 8 111

Below Post Ad

Bottom Ad