AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

CƏMİLƏ RƏHİMLİ : MÜHARİBƏNİN PSİXOLOGİYAMIZA TƏSİRİ

Pandemiya ilə yaşadığımız sarsıntı və çətin adaptasiya periodu yeni bitmişkən müharibə, şəhid xəbərləri ilə təkrar sarsıldıq. İşğal edilmiş torpaqların qaytarılması xəbərinə nə qədər sevinsək də bu müharibənin travmatik bir hadisə olaraq təsirlərini təəssüf ki azaltmır.


Müharibə yaşamaq, yaxınlarının yaşantılarını eşitmək, yaxınlarını itirmək, müharibə ilə bağlı xəbərlərin daima içində olmaq travmatik hadisədir və bir çox insanda travma sonrası stress əlamətləri yaradır. Bu halın ən bilinən nümunələrindən biri Amerikan əsgərlərinin savaş sonrasında yaşadığı böhran, depressiya, intiharları ifadə edən Vietnam sindromudur. Ilk növbədə müharibədə birbaşa iştirak edən şəxslər üçün həmin anları təkrar təkrar zehində yaşamaq, heç cür güvəndə hiss edə bilməmək, daimi bir qəzəb və qorxu hissləri ilə mübarizə etmək gözləniləndir.

Ailəsi və yaxınları müharibədə iştirak edən insanlar üçün də eyni şəkildə uzun müddətli məruz qalınan stress, hər an pis bir xəbər almaq qorxusu ilə güvən hissini zədələyir və təşviş, həyəcan pozuntusu yaşamağına səbəb ola bilər.

Bütün çətin yaşantılar kimi müharibə də ən çox yaşlılar, uşaqlar və başqa bir psixi narahatlığı olan insanların mental sağlamlığı üçün daha böyük risk təşkil edir. Bu insanlarda qorxu, həyəcan və təşviş hissinin artması ilə birlikdə əvvəldən var olan obsessiv kompulsiv pozuntu, depressiya, asılılıq, yemə pozuntuları və s. pozuntuların artmasına səbəb ola bilər.

Uşaqlar xüsusilə bu dövrdən nə baş verdiyini anlamadıqları üçün daha çox təsirlənirlər. Bu dövrdə kiçik yaşlı uşaqlarda artıq öyrənilmiş tualet vərdişlərini itirmə (alt islatma), yalan danışma, oğurluq, çox ağlama görünə biləcəyi kimi, daha böyük yaşlı uşaqlarda aqressiya, qəzəb hissləri üstünlük təşkil edə bilər. Bütövlükdə güvən hissi zədələndiyi üçün uşaqların mümkün qədər bu xəbərlərə az məruz qalması, qorxuducu və yaşlarına uyğun olmayan şəkil və videoların göstərilməməsi, gördükləri vaxt isə mütləq hisslərini ifadə etmələrinə icazə verilməsi gərəklidir.

Sual verdiyi halda uşaqlara cavab verilməli, səmimi ancaq, yaşa uyğun izahlar verilməlidir. Bunun üçün uşağın müharibə ilə bağlı düşüncələrini ilk öncə dinləmək, xətalı olanları düzəltmək və sonda təhlükədə olmadığını və onu qoruduğunuzu bildirmək faydalı olar. Əgər uşaq bu haqqda danışmaq istəmirsə məcbur etmək və ya informasiya ilə yükləmək yerinə, istədiyi vaxt danışa biləcəyinizi bildirməyiniz yetərlidir.

Son olaraq hər birimizə “güvən” duyğumuzu geri qazanmağı və torpaqlarımıza ən az itki ilə qovuşmağı arzu edirəm.

Müəllif : Uzman Psixoloq və Psixoterapevt Cəmilə Rəhimli

Below Post Ad

Bottom Ad