Dünya cənnətini, görməzdən gəlib,
Haraya gedirsən söylə, ey insan?
Kainat qoynunda yatıb, dincəlib,
Niyə qarğıyırsan böylə, ey insan.
Zaman su kimidir baş alıb gedir,
Hər kəsi gah məyus, gah da şad edir.
Demə ki, yolumda bitənlər nədir,
Qəlbini tər-təmiz eylə ey insan.
Əgər pak olarsa arzun, niyyətin,
Aşıb daşacaqdır saf məhəbbətin.
Dünyaya fərahlıq versə sənətin,
Olmaz yer üzündə hiylə, ey insan.
Düşün, nələr verdi sənə bu torpaq,
Üzün qara etdi, yoxsa ağ-appaq.
Təpiyi torpağa vurmazdan qabaq,
Əyil çiçəyini iylə, ey insan.
Hər an gözəl düşün, görəsən gözəl,
Axı gözəlliyin külüdür xəzəl.
Olmaqçün sonuna çırağın əzəl,
Əyri yollarını əylə*, ey insan.
Zamana verilib həftə, gün, ay, il,
Adəm övladına düşüncə, göz, dil.
Çalış kimsələrin üstündən deyil,
Ucal bacarıq və səylə, ey insan.
Duyğuluyam, haqqa gedəndir yolum,
Kimə əl uzatdım, sındırdı qolum.
Nə qədər tikanlıq olsa sağ-solum,
Yenə keçəcəyəm böylə, ey insan.
Mətanət Duyğulu
BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN