AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

GÜLNARƏ SADİQ : BU NECƏ ARZUDUR Kİ


Bu necə arzudur ki, İlahi!
İçində “kaş” “barı” yox,
Öz səsində boğulan bir ruh,
Ümiddən xəbərsiz vücud,
Nöqtəsiz mətnlər,
Nidasız duyğular susur.
Bu necə arzudur ki, İlahi!
İstəksiz,
Tənhalığa susamış,
Yazılmamış kitab kimi,
heçlik içində bir işıq...
Bir gecə yazısı qədər
məsum, yuxulu...
Bu necə arzudur ki, İlahi!
Fikrində ağrı gizlədir,
Sözündə küsgünlük,
Nəfəsində yorğunluq...
Dərdlərini qarışdırıb
əzan səsində dəfn edir...
Allah küsgünləri bəyənmir deyə
Borc alıb gülüşləri eşq pərisindən.
Gülür... gülmək nədir bilmədən.
Bu necə arzudur ki, İlahi!
İtiribdir uşaqlığı
qorxuların ağuşunda,
ağrıların mənzilində.
Bir çimdiklik nəfəsi yox.
Allı-güllü rəngsiz kədərlərin,
Ölüm rəngli vərəqlərin ətəyində
eşqə sürgün aşiqlərin
varlığını sürükləyən
bir dünyanın göz yaşı tək
dəryaların ürəyində gizlənibdir...

Gülnarə Sadiq

Below Post Ad

Bottom Ad