AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

GÜLAY TAHİRLİ : UNUDULMAQDAN QORXMA


Nə olsun, aradan çox zaman keçib,
Nə olsun, salamımız-sağolumuz yox.
Üzümün rəngi ilə həmahəng neçə payız,
Ürəyinlə həmahəng neçə qış keçib.
Qorxma!
Unudulmaqdan qorxma!
Hələ də öz rəngindədir xatirələr!
Ağ-qaraya uduzmamışam hələ.
Sarılar, mavilər öz yerində,
Heç nə əskilməyib parıltılardan.
Qorxma, kölgələrdə azmamışam hələ.
Oğrun-oğrun dəmlədiyimiz
Pürrəngi çay da soyumayıb.
Neçə-neçə payız keçib,
Neçə-neçə külək əsib,
O qollu-budaqlı ağacların
Xəzəli qol-budağındadır yenə.
Hörümçəklər tor qura bilməyib
Söykəndiyimiz divarların küncündə,
O kəpənəklər bir günə ölmədi,
Çiçəklərin üstündən uçuşurlar hələ də.
Mən "niyə"lərin üstünə
Çoxdan torpaq atmışam.
Ruhu şad olsun bütün "kaş ki"lərin!
Arxaya dönüb baxan da deyiləm,
Arxadakılar məndən xəbərsiz hopub canıma.
Unudulmaqdan qorxma!
Yanaqlarım islanır dayanan yerdə,
Beyin öz işindədir, ürək öz işində...

Gülay Tahirli

Below Post Ad

Bottom Ad