Bir şəhərlik məsafə,
Bir nəfəslik ayrılıq,
Geri dönməyən yollar...
Qarşımdasa Mark Levi -
Hələ "bir-birimizə
deyilməyən sözlər" var...
Hələ saf duyğuların
Tamam olmayıb ili.
Hələ ayaq izimiz
Kövrəltməyib sahili...
Cücərən hisslərindən
Bir qucaq misra dərdim.
Sən sevgi istəmişdin,
Bağışla, ömrüm-günüm,
Kasıbın olanından -
Mən sənə şeir verdim...
Bu gecə də mənləsən,
Gözlərimə qonaqsan,
Üzlü qonaqlar kimi
Dəvət də gözləmədən
Ciyərimə keçirsən.
Bilirəm, qəhvəni tünd,
Çayı soyuq içirsən.
Nə hazırlayım sənə?
Soyuq çay, isti şeir -
De, hansını seçirsən?
Kükrədi boğuq səsin
Yenə qulaqlarımda,
Bu sərsəri ruhumu
Çəkdi dərinliyinə.
(Lənətə gələsən e,
Gecə-gecə işlədin
İliklərimə yenə...)
Yenə də dil bilməyən,
Susmayan ağrıları
Tapşırdım bu gecəyə.
Adını zikr eyləyib
Bir ovuc ümid içdim
Sənsizlik keçsin deyə...
Sevil Gül Nur
BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN