Çoxları dərdlərini, qayğılarını, həyəcanlarını, bəziləri isə
ümidlərini əlinə alıb gəlirlər bura. Buralarda
məhşurdu bizim Gəncənin Xan Bağı. Şəhərin elə bir sakini olmaz ki, bu
parkla bağlı xatirəsi olmasın. Elə günlər olur ki, burda addımlayarkən insanın
ruhu lərzəyə gəlir, əzəmətli qəhqəhələr eşidirsən, bəzən də gileyli-narahat
fısıltılar… əlimi qoca çinarların qırışmış gövdəsinə çəkərkən burda xanların əl
izlərinin hərarətinin hələ də qaldığını hiss edirəm, onların bu məkanı heç vaxt
tərk etmədiklərinə inanıram. Axı burda onların da xatirələri var, onlar da
burda addımlayıblar – həsrətlərini, xatirələrini bu çinarlarla bölüşüblər. Qəribə
ayaq səsləri qulağıma gəlir. Çoxları bu səsləri duymur, hiss etmir, amma, mən və
o, biz bunları çox yaxşı hiss edirik.
Onun parka gəlişi ayrı bir gözəllik verirdi. Onu hamı çox
sevirdi, ona hamı bağlanmışdı. Qara paltosu, boz, enli şalvarı, gözündəki qara
eynəyi, qısa saqqalı, yamaqlı ayaqqabısı olan bu qəribə geyimli, uzun, dağınıq
saçlı bu adam hamı ilə dostlaşırdı. O, parkda peyda olandan sonra bura gələn
heç bir uşaq ağlamırdı, heç bir yaşlı adam dərindən ah belə çəkmirdi. Bu qəribə
sehrbaz öz oyunlarından çox öz varlığı ilə hər kəsi sehrləmişdi.
Keçənlərdə parka qoca bir nənə gəlmişdi, əyni-başı da yaman
günlü. Gözə dəyməyən, kənar bir yerdə skamyada oturub elə için-için ağlayırdı ki,
kənardan baxan adamın içi göynəyirdi. Və, budur, bizim parkın gülüş mələyi
özünü yetirdi. Qoca nənəni elə ürəklə qucaqladı ki, nənə bərkdən hönkürməyə
başladı. Qadın bir az sakitləşdi. Onun qulağına nələrsə pıçıldadı… bir neçə dəqiqə
sonra nənənin üzü gülürdü.
Bax, bu iki gənc sevgili də bu parkın daim sakinləridi. Hər
gün eyni saatda burda, qoca çinarların budaqları altında əl-ələ tutub gəzirlər.
Onlara baxdıqca düşünürəm ki, sanki çinarlar onlara öyrəşib, bir neçə dəqiqə
geciksələr o saat kədərə qərq olurlar. Bizim sehrbaz da onlara alışmışdı. Hər
gün onlar üçün xüsusi nömrələr düşünürdü.
Hələ bir dəfə bizim bu sehrbaz əsl möcüzəni də bacardı, gecə
evindən qaçıb, intihar etmək istəyən gənc oğlanı xilas etdi. Bu dəfə yaman
acılqı idi. Oğlanın telefonun yerə necə çırpdısa telefon çilik-çilik oldu. Əvəzində
bir nömrə göstərdi, sehrli papağından bir kitab çıxarıb oğlana verdi. Tapşırdı
ki, bu kitabı oxuyub bitirdikdən sonra bir də gəlsin parka, onun sehrli papağı
ona hər dəfəsində yeni bir kitab çıxaracaq… Bir müddət sonra həmin oğlan
altıncı kitab üçün gəlmişdi sehrbazın yanına.
Gülnarə Sadiq
BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN