AXTARIŞ NƏTİCƏLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN BURA YAZIN !

Bottom Ad

YASƏMƏN QƏYYUMLU : BAYRAĞIM


Şərəfi boylanır vətən sözündən,
Rəngləri nur alıb yurdun közündən.
Göylər məhəbbətlə öpür üzündən,
Ruhumun səsidir, mənim bayrağım!

Qüdrəti boy alıb el yaddaşından,
Hər gün gülümsəyir zirvə başından,
Ucalır yurdumun hər qarışından,
Ümid nəğməsidir mənim bayrağım!

Daşıyır millətin, elin vüqarın,
Açır qapısını həyəcanların.
Rəngində eşqi var şəhid canların,
Qeyrət zirvəsidir, mənim bayrağım!

Qonub ətəyinə bir uca haqqın,
Ona kəc baxmaqdan həmişə saqın.
Azadlıq eşqiylə yaşayan xalqın,
Şəhid sevgisdir, mənim bayrağım!

Canında canı var gör neçə canın,
Odur azadlığa qapı açanın.
O taylı,bu taylı Azərbaycanın,
Bütövlük rəmzidir, mənim bayrağım!

Hər vaxt uca durur,hər vaxt baş durur.
Hər gün küləklərlə o savaş qurur,
Damarda çağlayan qanı coşdurur,
Qəlbimin səsidir, mənim bayrağım!

Qoy gözün üstünə üç qumaş rəngi.
Qoynundan boylanır könül ahəngi.
Burda dalğalanır "Heyratı" , "Cəngi",
İgidlər dərsidir, mənim bayrağım!

Müqəddəs andıyla yaranıbdır tən,
Onu öz bağrına basıbdır vətən.
Keçir Qarabağdan, Cıdır düzündən,
Zəfər mijdəsidir, mənim bayrağım!

Könül fərəhidir bu od ,bu ocaq,
Milyon-milyon qəlbə açıbdı qucaq.
Bütöv Qarabağda dalğalanacaq,
Vətən dərgisidir, mənim bayrağım!

Yasəmən Qəyyumlu

Below Post Ad

Bottom Ad