Ruhum asılıb göydən,
Ölüm çağırır məni.
Haqqın yolunu kəsən,
Zülüm çağırır məni.
Qəmin gölündə batan,
Dərdinə dərdi qatan,
Ana bətnində yatan
Dölüm çağırır məni.
Qədərə pərçim olan,
Qönçəsin erkən yolan,
Açılmamışkən solan
Gülüm çağırır məni.
Taleyinə qor olan,
Yanıb, yanıb, qovrulan,
Yanmış bəxtdən sovrulan
Külüm çağırır məni.
Qəmər Sözay
BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN